Buraxılış imtahanlarında Şabrandan 499 nəfər iştirak edib
Şabran, 30 aprel, Elxan Yusifli, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Şabran rayonundan 499 nəfər iştirak edib.
DİM-in Xaçmaz Regional Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2 mərkəzdə keçirilən imtahanlara 51 nəzarətçi müəllim, o cümlədən 6 imtahan rəhbəri və 2 ümumi rəhbər cəlb olunub.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahan pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.