İQTİSADİYYAT
“CanSat Azərbaycan 2023” müsabiqəsinin finalı keçiriləcək
Bakı, 12 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə təşkil olunan “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin final gününə hazırlıqlar davam edir.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, bu il sayca beşinci olacaq “CanSat Azərbaycan 2023” müsabiqəsinin artıq iki mərhələsi - “Qeydiyyat” və “Layihələndirmə” mərhələləri geridə qalıb.
Hazırda peyk modellərinin “Reallaşdırma” mərhələsi davam edir.
“Reallaşdırma” mərhələsində ölkənin 10 təhsil müəssisəsini təmsil edən 76 tələbədən ibarət 15 komanda iştirak edir.
İyunun 29-da keçiriləcək “Uçuş öncəsi yoxlamalar və final uçuş” mərhələsinə keçən iştirakçı komandaların siyahısı mayın 31-dən sonra elan ediləcək və finalçılar məlum olacaq.