Cəbhəyanı yaşayış məntəqələrində avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdəndir
Ağdam, 17 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərdə yaşayan insanların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində, habelə dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı görülən işlərə bir neçə rayonun timsalında nəzər salaq. Son illərdə Prezident İlham Əliyev təkcə Ağdam rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan hissəsində yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı dörd Sərəncam imzalayıb. Bu Sərəncamlara əsasən rayonda ümumi uzunluğu 72,7 kilometr olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları yenidən qurulub.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da son illərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin sərəncamları ilə Tərtər-Seydimli-Qaradağlı-Sarov, Bayandur-Poladlı, Cəmilli-Dəmirçilər, həmçinin Tərtər-Şıxarx, İsmayılbəyli, Qarağacı avtomobil yolları yenidən qurulub. Tərtərçay üzərində uzunluğu 107 metr, eni 12 metr olan yeni üçaşırımlı körpü inşa olunub. Hazırda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun inşası davam etdirilir. Ümumilikdə Tərtər rayonunda yenidən qurulan yolların uzunluğu 90 kilometrə çatır.
Məlum olduğu kimi, 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Ötən dövrdə işğal nəticəsində dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Rayonda aparılan infrastruktur layihələri içərisində avtomobil yollarının yenidən qurulması da xüsusi əhəmiyyət daşıyır. Son bir neçə ildə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Füzuli rayonunda Əhmədalılar -Mollaməhərrəmli-Arayatlı-Babı, Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı, 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası, Əhmədbəyli-Alıxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulub. Hazırda Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolunun tikintisi başa çatmaq üzrədir.
2016-cı ilin aprel ayında Azərbaycanın Silahlı Qüvvələrinin təcavüzkar Ermənistanın işğalı altında olan torpaqlarımızın bir hissəsini düşməndən azad etməsi respublikamız üçün ən əlamətdar hadisə oldu. Mühüm strateji əhəmiyyətə malik Lələtəpənin işğaldan azad olunması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cocuq Mərcanlı kəndi və Horadiz şəhərindən Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yol qısa bir zamanda yenidən quruldu. Cocuq Mərcanlıya gedən yolun yenidən qurulması Qarabağda ilk qələbə yolunun açılması deməkdir. Açılışında dövlətimizin başçısının iştirak etdiyi yolun bərpası və həmin yolla kənd əhalisinin yenidən doğma yurda qayıtması Qarabağa qayıdışın başlandığından xəbər verir. Qarabağa doğru uzanan daha bir yolun - Bəhramtəpə-Horadiz-Mincivan magistral yolunun Füzuli rayonu ərazisinə düşən 39 kilometrlik hissəsi də yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Bu yolun tikintisi ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin edilib.
Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.