MƏDƏNİYYƏT
Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi günü qeyd olunub





Bakı, 18 sentyabr, AZƏRTAC
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunan tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Vüsal Zamanov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, xüsusilə musiqiyə göstərdikləri qayğıdan danışıb. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əvəzolunmaz işlərdən bəhs olunub.
Tədbirin bədii hissəsində Elm və Təhsil, Mədəniyyət nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının finalçıları və beynəlxalq müsabiqə laureatlarının ifasında musiqi nömrələri səslənib.
Sonda finala çıxan iştirakçılar məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif edilib.