Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq
Bakı, 22 may, AZƏRTAC
Mayın 27-də Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları nəzərdə tutulur.
Festival AQTA-nın dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil edilir. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini təmin edəcək.