Cəlilabadlı gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər
Cəlilabad, 2 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadlı gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin V konfransında danışılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, potensiallarını reallaşdırması, cəmiyyətdə layiqli yer tutmaları üçün zəruri şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və tədbirlər sistemidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin yaradılmasını sürətləndirib, gənclərin ictimai-siyasi fəallığının artmasına kömək edib.
Diqqətə çatdırılıb ki, cəlilabadlı gənclər rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, təşəbbüskarlıqları ilə fərqlənirlər.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov çıxışında Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb.
Sonra YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov IV konfransdan ötən müddətdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Konfransda təşkilati məsələlərə baxılıb. Vüsal Kazımov YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Həmçinin YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi təsdiqlənib, YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşib.