Cənub bölgəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Astara, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Yaralananlar arasında qadınlar və uşaqlar da olub. Onlardan bəziləri ömürlük şikəst olub.
Diqqətə çatdırılıb ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Çingiz Əliyev və Səlivə kənd sakini Novruz Əsgərovdur.
Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
x x x
20 Yanvar faciəsinin 28-ci ildönümü Lənkəranda da dərin hüznlə qeyd olunub. Minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək faciə qurbanlarının xatirəsini yad ediblər.
Mərasimə qatılan rayon rəhbərliyi “Şəhidlər” abidə-kompleksinin önündə şəhid ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhid olub.
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, şəhərin küçələrinə onların adları verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb.
x x x
Yanvarın 20-də Lerik şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Lerik Rayon Mədəniyyət Mərkəzində rayon məktəblilərinin əl işlərindən ibarət “20 Yanvar qan yaddaşımızdır” mövzusunda rəsm əsərlərinin sərgisinə, bədii özfəaliyyət kollektivlərinin və şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaya baxıblar.
x x x
Yanvarın 20-də Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə keçirilən ümumrayon tədbirində azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib. 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, gül dəstələri qoyulub.
Mərasimdə Masallı Xalq Teatrının üzvlərinin və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorlarının ifasında “Haray” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Ümumxalq Hüzn Günü rayon ərazisində Azərbaycanın dövlət bayrağı endirilib, saat 12-00-da yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtonəqliyyat vasitələrindən səs siqnalları verilib.
x x x
Cəlilabad şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad edilib. Cəlilabad şəhərinin mərkəzindəki Şəhidlər xiyabanı ziyarət olunub.
Anım mərasimində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin başvermə səbəbləri barədə danışıb.
Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib.
Bildirilib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.
Qanlı Yanvar faciəsi ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi.
Anım tədbiri 20 Yanvar hadisələrinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.
x x x
Yardımlıda da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 Yanvar şəhidlərinin abidə-kompleksinin önündə azadlıq mücahidlərinə hörmət və ehtiramlarını ifadə ediblər. Abidə-kompleksin önünə əklillər, gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.