DÜNYA
Cənubi Koreyada “Nuri” raketinin təxirə salınan buraxılışı baş tutub
Pekin, 25 may, AZƏRTAC
Cənubi Koreyanın milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin ötən gün təxirə salınmış buraxılışı mayın 25-də baş tutub.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 18:24-də (Bakı vaxtı ilə 13:24) ölkənin cənubundakı Naro məntəqəsindən buraxılan 200 tonluq raket biri şərti olmaqla müxtəlif ölçüdə 8 peyki orbitə qaldırıb.
Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, raket startdan sonra 20 dəqiqə ərzində peykləri planlaşdırılan orbitə çatdıraraq uçuş mərhələlərini tam icra edib.
Ölkənin kosmos proqramının vacib mərhələsi olan “Nuri” raketdaşıyıcısının üçüncü buraxılışı mayın 24-nə planlaşdırılsa da, son hazırlıq mərhələsində işəsalma sistemində rabitə probleminin aşkarlanmasından sonra buraxılışın təxirə salınmasına qərar verilmişdi.
Qeyd edək ki, ötən ilin iyununda “Nuri” raketi sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb. Cənubi Koreya bu uğurla keçmiş SSRİ, ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə çıxaran raket istehsal edə bilən yeddinci ölkə adını qazanıb. Hökumət “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” 2021-ci ildə ilk cəhddə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi.
Cənubi Koreya hökuməti 2027-ci ilədək daha 4 ədəd “Nuri” raketinin buraxılışını həyata keçirməyi planlaşdırıb. Növbəti hədəf isə Ay səthinə enə bilən modulun 2031-ci ildə kosmosa göndərilməsidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin