ÇEXİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ GÖRÜLMÜŞ İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılığı ilə nümayəndə heyəti mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur. Qonaqlar əvvəlcə universitetdə yaradılmış tədris şəraiti ilə tanış olmuşlar. “Heydər Əliyev iqtisadi kursunun öyrənilməsi mərkəzində” onlara ulu öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verilmişdir.
ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev respublikamızın təhsil sisteminin Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu diqqətə çatdırmış, rəhbərlik etdiyi təhsil ocağında tədris işinin qurulması, yeni fakültələr və laboratoriyaların açılması, müxtəlif xalqların nümayəndələrinin burda təhsil almaları üçün yaradılmış şərait barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda bu ali təhsil ocağında tələbələrin yüksək səviyyədə təhsil almaları üçün bütün lazımı şərait yaradılmışdır.
Bu ali təhsil ocağının yaranma tarixindən söz açan natiq demişdir ki, hazırda burada 18 minə yaxın tələbə təhsil alır. ADİU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.
Peter Plevan keçirdiyi görüşlərdən, Çexiya-Azərbaycan təhsil əlaqələrinin getdikcə geniş vüsət almasından danışmış və ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
