Çin istənilən dövlətin Tayvan ilə hərbi sahədə əməkdaşlığına qarşıdır
Pekin, 15 may, AZƏRTAC
Çin istənilən dövlətin Tayvan bölgəsi ilə hərbi sahədə əməkdaşlığına və ona silah satmasına qəti şəkildə qarşıdır.
AZƏRTAC xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin mətbuat katibi Ren Quoçian Fransanın Tayvan bölgəsinə silah satmaq barədə planını şərh edərkən deyib. O, rəsmi Pekinin iki ölkə arasında münasibətlərin pozulmaması üçün Fransadan Tayvana silah satmaq planından dərhal əl çəkməsini tələb etdiyini açıqlayıb.
“Dünyada bir Çin var və Tayvan onun ayrılmaz hissəsidir”, - deyən nazirlik rəsmisi əlavə edib ki, Çin Silahlı Qüvvələri xarici qüvvələrin müdaxiləsinin hər hansı formasının və "Tayvan müstəqilliyi" separatçı aktlarının qarşısını almaq üçün möhkəm iradə, tam etimad və kifayət qədər potensiala malikdir, habelə milli suverenliyi, ərazi bütövlüyünü möhkəm müdafiə edəcək, Tayvan boğazı boyunca sülh və sabitliyi dəstəkləyəcək.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək, Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.
Azərbaycan da “Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin