ÇİN XALQ RESPUBLİKASININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Çinin və Azərbaycanın dövlət himnləri səslənmişdir.
Çinin ölkəmizdəki səfiri Çjan Siyun çıxış edərək bildirmişdir ki, ÇXR ötən 55 il ərzində böyük tərəqqi yolu keçmiş, iqtisadi və sosial cəhətdən inkişaf edərək güclü dövlətə çevrilmişdir. Son 25 ildə həyata keçirilən islahatlar bu inkişafa xüsusi təkan vermişdir. Səfir vurğulamışdır ki, Çinlə Azərbaycan arasında bərqərar olmuş diplomatik münasibətlər iki ölkənin əlaqələrində yeni səhifə açmışdır. Bu əlaqələrin bünövrəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfərindən sonra qoyulmuşdur. Həmin səfər zamanı keçirilən görüşlər və aparılmış danışıqlar, imzalanmış sənədlər iki ölkənin əməkdaşlığının istiqamət prinsiplərini müəyyənləşdirmişdir. Qarşılıqlı əlaqələrin inkişafında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin Azərbaycana səfərinin də mühüm rolu olmuşdur. Çin-Azərbaycan münasibətləri suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurulmuşdur. Diplomat ölkələrimizin beynəlxalq aləmdə bir-birini dəstəklədiyini, Çinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır.
Səfir Çin şirkətlərinin Azərbaycanın neft sektorunda fəal iştirakından, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıqdan da danışmışdır.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə çıxışında Azərbaycan-Çin əlaqələrinin tarixindən, xalqlarımızın mədəniyyətlərinin oxşarlığından söz açmış, respublikamız müstəqillik qazandıqdan sonra münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.
Rəsmi qəbulda dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.