Çin xarici sərmayədarların azad ticarət zonalarına girişini genişləndirir
Bakı, 23 iyul, AZƏRTAC
Çində xarici investisiyaların ölkə bazarına və azad ticarət zonalarına daxil olmasını tənzimləyən neqativ siyahının yeni redaksiyası iyulun 23-də qüvvəyə minib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sərmayədarların azad ticarət zonalarına girişinin asanlaşdırılması Çində aşkarlığın güclənməsinə, həmçinin pandemiya şəraitində biznes şərtlərinin yaxşılaşdırılmasına hədəflənib.
Neqativ siyahı Çindəki xarici kompaniyaların və xarici kapitalın iştirak etdiyi müəssisələr üçün qismən məhdudlaşdırılan və ya qadağan olunan fəaliyyət sahələrini əhatə edir. O, iki hissəyə bölünür: Çinin milli neqativ siyahısı və ölkədəki azad ticarət zonaları üçün tərtib olunan neqativ siyahı. Yeni siyahıda xarici sərmayədarlar üçün birinci kateqoriyada məhdud sahələrin sayı 40-dan 33-ə, azad ticarət zonaları üçün olan ikinci kateqoriyada isə 37-dən 30-a endirilib.
2020-ci il redaksiyasında bəzi sahələr siyahıdan tamamilə çıxarılıb, yəni həmin sahələrdə xarici sərmayədarlar üçün artıq heç bir məhdudiyyət yoxdur. Qalan bəzi sahələrdə isə dəyişikliklər, yumşaldılmalar və istisnalar edilib.
Milli neqativ siyahıya edilən dəyişikliklər Çin bazarının xidmət, sənaye və kənd təsərrüfatı sahələrində aşkarlıq səviyyəsini artırır. Məsələn, iyulun 23-dən xarici sərmayədarlara Çinin 500 min nəfərdən çox əhalisi olan şəhərlərində tikinti, su təchizatı və kanalizasiya sistemlərinin istismarı sahəsində fəaliyyət göstərən müştərək müəssisələrin nəzarət aksiya paketini almağa icazə verilir. Digər bir yüngülləşmə isə buğda seleksiyası və toxumçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin xarici kapital həcminin 66 faizə qədər artırılmasıdır.