ELM VƏ TƏHSİL
Çinin ənənəvi “Çunyan – əkiz doqquzlar” bayramı qeyd olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi “Çunyan – əkiz doqquzlar” bayramına həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün doqquzuncu ayın doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı yaranan bayram haqqında əfsanəni danışıb. Rafiq Abbasov, həmçinin bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında məlumat verib. Tədbirdə bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağaqalxma mərasimi, düyü unu, ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatlarından söz açılıb. Bildirilib ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın rəmzi olan beşqatlı kökə – “çunyan gao” hazırlanır.
Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirləri səsləndirilib.