“Collins” ingilis dili lüğəti süni intellekti ilin sözü adlandırıb
Bakı, 1 noyabr, AZƏRTAC
Böyük Britaniyada nəşr olunan “Collins” ingilis dili lüğəti süni intellekti ilin sözü adlandırıb.
AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.
“Süni intellekt əsasında inqilabi dil modeli ictimai şüura 2022-ci ilin sonlarında daxil oldu, təbii insan nitqinin imitasiyası ilə bizi heyrətləndirdi. Əslində o, daha çox şeyə qadirdir. Sabah səhərə təqdimat üçün mətn lazımdır? Problem yoxdur. Soyuducunuzda qalan ərzaqlardan şam yeməyi hazırlamaq üçün resept? Hazırdır. İnsanların məlum səbəblərdən süni intellektə heyran olmalarına baxmayaraq, onlar bir az narahat da olmağa başlayıblar. Əgər kompüterlər birdən-birə dil məsələsində ekspertə çevrilirsə, o halda bundan sonra nələr olacaq? Onun ardınca debatlar, tədqiqatlar və proqnozlar gəlir. Bu, kifayət edir ki, “Collins”in versiyasına görə süni intellekt ilin sözü olsun”, - deyə lüğətin saytının məlumatında bildirilir.
“Collins” süni intellekti “insanın mental funksiyalarının kompüter proqramlarının köməyi ilə modelləşdirilməsi” kimi müəyyən edir. “Collins” 2022-ci ildə “permakrizis”i ilin sözü adlandırmışdı.
Bu gün Böyük Britaniyada süni intellektdən təhlükəsiz istifadə üzrə beynəlxalq sammit öz işinə başlayır. ABŞ-ın vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayen, BMT-nin Baş katibi Antonio Quterreş, biznesmen İlon Mask sammit iştirakçıları sarasındadırlar. Tədbirdən məqsəd süni intellektlə bağlı təhdidləri müzakirə etməkdir.