Con Defterios: Bu gün enerji davamlılığı daha mürəkkəb və vacibdir
Bakı, 1 iyun, AZƏRTAC
Hazırkı dövrdə enerji üzrə davamlılıq məsələləri həm daha mürəkkəb, həm də əvvəlkindən daha vacib xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SEforAll”ın İdarə Heyətinin üzvü Con Defterios Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, regionda kifayət qədər diqqət yetirilməyən bu məsələlər enerji sektorunun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan və digər ölkələrdə yaşıl enerjinin inkişafı və enerji keçidinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər yüksək səviyyədədir. Bakı Enerji Həftəsinin əsası 31 il əvvəl qoyulub və bu dövr Azərbaycanın qlobal enerji səhnəsində yüksəlişi ilə üst-üstə düşür”,- deyə o qeyd edib.
Con Defterios əlavə edib ki, COVID-19 pandemiyasından sonrakı dövr və enerji təchizatına təsir göstərən geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.