İsrail Livanın cənubundakı 9 yaşayış məntəqəsinin sakinlərinə təxliyə çağırışı edib
Qahirə, 1 iyun, AZƏRTAC
İsrail ordusu Livanın cənubunda doqquz yaşayış məntəqəsinin sakinlərinə yeni təxliyə xəbərdarlığı edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, İsrail Ordusunun sözçüsü Avixay Adrai X sosial media hesabında paylaşdığı müraciətlərdə Məlix, Kəfrhuna, Əl-Aqibiyə, Əz-Zərariyə, Əl-Mərvaniyə, Snaybir, Ən-Nəccariyə, Əl-Ədusiyə (Sayda qəzası) və Xirbət Basl yaşayış məntəqələrinin sakinlərini evlərini tərk etməyə və açıq ərazilərə ən azı 1000 metr məsafədə yaxınlaşmamağa çağırıb.
Adrai bildirib ki, “Hizbullah” atəşkəs razılaşmasını pozaraq İsrailin daxili bölgələrini hədəfə alır və bu səbəbdən İsrail ordusu qruplaşmaya qarşı hərbi əməliyyatlar aparır.
Məlumatlara görə, eyni vaxtda Cənubi Livanın Nəbatiyə qəzasının Breyqi kəndi İsrail aviasiyasının zərbələrinə məruz qalıb.
İsrail ordusu isə açıqlamasında Livanın cənubunda pilotsuz uçuş aparatının partlaması nəticəsində 1 hərbçinin həlak olduğunu, daha 3 nəfərin yaralandığını bildirib. Qeyd olunub ki, son iki həftə ərzində döyüşlər zamanı 137 zabit və əsgər yaralanıb, martın 2-dən etibarən “Hizbullah”la qarşıdurmalarda ölən hərbçilərin sayı 26 nəfərə çatıb.
Bu kontekstdə İsrailin Baş naziri Benjamin Netanyahu ölkə ordusuna Livanın paytaxtı Beyrutun cənub ətraflarında yerləşən hədəflərə zərbələr endirmək barədə göstəriş verdiyini açıqlayıb. Baş nazirin yaydığı birgə bəyanatda bildirilib ki, qərar İsrailin müdafiə naziri Yisrael Katz ilə razılaşdırılıb.
Livanın Prezidenti Cozef Aun isə ölkəsinə qarşı həyata keçirilən hərbi əməliyyatları “İsrailin şiddətli təcavüzü” adlandırıb. O, yaydığı bəyanatda Livanın ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyini qeyd edib və hökumətin vətəndaşların, xüsusilə də cənub bölgələrinin sakinlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Prezident, həmçinin dövlət quruculuğu və islahatlar prosesinin fasiləsiz davam etdiriləcəyini bildirib.
Məlumatlara görə, martın 2-dən başlayan İsrailin müdaxiləsi nəticəsində qurbanların sayı artmaqda davam edir. Livan mənbələrinin məlumatına əsasən, ölkədə həlak olanların sayı 3400 nəfəri ötüb, 10 mindən çox insan yaralanıb. Hərbi əməliyyatlardan sonra Livanın cənub bölgələrindən, Beyrutun cənub rayonlarından və Bəqaa vadisindən təxminən 1 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb.