Azərbaycanın Müstəqillik Günü Cenevrədə qeyd olunub
Vyana, 1 iyun, AZƏRTAC
Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, İsveçrədə yaşayan azərbaycanlılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müsəlman Şərqində ilk demokratik respublikanın təsis edildiyini vurğulayıb. O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını formalaşdırıb, demokratiya, bərabərlik, azadlıq və müxtəliflik prinsiplərini dövlət idarəçiliyinin təməl dəyərlərinə çevirib.
Qalib İsrafilov 1920-ci ildə bolşevik işğalına baxmayaraq, cümhuriyyət ideyalarının xalqın milli şüurunda yaşadığını və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına zəmin yaratdığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin ilk illərində dövlətçiliyin möhkəmləndirilməsi, milli kimliyin qorunması və inkişafı istiqamətində müstəsna xidmətlərini vurğulayıb.
Daimi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.
Rəsmi qəbul Azərbaycanın milli mətbəx nümunələrinin təqdimatı ilə davam edib.