CON SMİT MEMORİAL FONDU AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Görüşdə Con Smit Memorial Fondunun fəaliyyəti və onun həyata keçirdiyi Təhsil Proqramı ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Fondun başlıca məqsədlərinin demokratiyanın Qərb modelini tətbiq etmək istəyən ölkələrdə demokratiyanı, ictimai ədaləti və peşəkar idarəçiliyi təşviq etməkdən ibarət olduğunu bildirən qonaq, Con Smit Təhsil Proqramı üzrə Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Fond hazırda öz fəaliyyətini keçmiş Sovet İttifaqının tərkib hissəsi olmuş 7 ölkədə, o cümlədən Azərbaycanda həyata keçirir. Fondun Təhsil Proqramı istedadlı gəncləri Birləşmiş Krallığın siyasi və ictimai institutları, siyasi sistemi və bu sahələrdə əldə olunmuş təcrübə ilə tanış edir. Diqqətə çatdırılmışdır ki, Fondun 2005-ci il Təhsil Proqramı üzrə 21 nəfər iştirakçısından 3 nəfəri azərbaycanlıdır.
Nazir E.Məmmədyarov Con Smit Təhsil Proqramı ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən ölkəmizin gənclərinin belə proqramlarda iştirakının çox əhəmiyyətli olduğunu bildirmişdir.
Görüşdə, həmçinin dünyada gedən ictimai-siyasi proseslər - Yaxın Şərq, İraq və Əfqanıstandakı vəziyyət, Türkiyənin Avropa İttifaqına inteqrasiyası ilə bağlı məsələlər, o cümlədən Türkiyənin Aİ-yə üzv olacağı təqdirdə İttifaqa verəcəyi töhfələr, ölkəmizin xarici siyasətinin başlıca istiqamətləri - Avropanın Qonşuluq Siyasəti Proqramı çərçivəsində əməkdaşlıq və NATO ilə SNT və Fərdi Tərəfdaşlıq Fəaliyyəti Planı çərçivəsində əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə bağlı danışıqlar prosesinin mövcud durumu və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Lorens Bristoun və Con Smit Memorial Fondunun direktoru Emma Maklenna iştirak edirdilər.