QAN YADDAŞI
Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
![](/files/galleryphoto/2023/1/1200x630/16774525941971337738_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774525941616530336_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774525942917324784_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774525942502823690_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677452594776410979_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16774525945888138541_1200x630.jpeg)
Bakı, 27 fevral, AZƏRTAC
ABŞ-nin Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının təşəbbüsü ilə keçirilən tədbir Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması məqsədilə təşkil edilib.
Tədbir Xocalı soyqırımın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Xocalı faciəsinin azərbaycanlılara qarşı məqsədyönlü törədilmiş bir soyqırımı olduğunu vurğulayaraq, beynəlxalq arenada hər bir ölkə tərəfindən tanınması üçün hər kəsin əlindən gələni etməsinin vacib olduğunu vurğulayıb.
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan hərbi attaşe Rüstəm Gözəlov ermənilərin o gecə Xocalıda törətdiklərinin insanlığa qarşı bir cinayət olduğunu söyləyib.
Müzakirə şəraitində keçən konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi tələbləri ilə bağlı fikirlər səslənib.
Daha sonra Xocalı soyqırımından bəhs edən videofilm nümayiş olunub. Corc Vaşinqton Universitetinin tələbələri Davud Kazdal, Kənan Məmmədov, Əli Məmmədov, Toğrul Ağbabalı, Humay Sadiq və Ayla Kərimova tərəfindən təşkil olunan tədbir amerikalı musiqiçi Cefri Verbokun çıxışı ilə başa çatıb.
Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil edilib.
Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış kitablar, broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.