Culfanın Dəmirli yaylağında sahibkarlarla görüş olub
Culfa, 16 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına əsasən, Culfa rayonunun Dəmirli yaylağında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə heyvandarlıq təsərrüfatları sahibkarlarının görüşü təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən nazirliyin əməkdaşı Əyyub Abdullayev yay otlaqlarından səmərəli istifadə edilməsinin diqqət mərkəzində saxlanılmasının, heyvanlara zootexniki qaydalara uyğun qulluq edilməsinin vacib olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kamran Əliyev deyib ki, otlaqların məhsuldarlığını artırmaq üçün istifadəçilər və ya icarədarlar sahələrdən və buradakı su mənbələrindən səmərəli istifadəyə və onların qorunub saxlanmasına, otlaq sahələrində mərz (sərhəd) nişanlarının qorunmasına çalışmalıdırlar.
Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Hüseyn Məmmədov yaylaq dövründə mal-qara arasında infeksion və invazion xəstəliklərin qarşısının alınmasında profilaktik tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislərin hazırladıqları müxtəlif adda buklet-informasiya kitabçaları sahibkarlara paylanılıb.