Dağ kəndlərində şirin su mənbələrinin axtarışı davam etdirilir
Bakı, 10 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyası tərəfindən 2010-2013-cü illər ərzində Lerik rayonu ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədi ilə kompleks tədqiqatlar aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər nəticəsində rayonun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqələrində dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılmışdır. Quyularda geofiziki və hidrogeoloji tədqiqatlar aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Quyulardan götürülən su nümunələri Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji sahələrarası kompleks tədqiqatlar mərkəzinin laboratoriyasında tam kimyəvi analizə verilmişdir. Suların keyfiyyətinin beynəlxalq standartların (içməli su) tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir. Bu yaşayış məntəqələrində qazılaraq istismara hazırlanmış su quyuları təmənnasız olaraq yerli əhalinin istifadəsinə verilmişdir. Hazırda həmin kəndlərin əhalisi ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir.
Bu istiqamətdə tədqiqatlar 2014-cü ildə Yardımlı rayonu ərazisində davam etdiriləcəkdir.