Danimarka şahzadəsi ölkənin Atçılıq İdmanı Federasiyasının sədri postuna namizəddir
Stokholm, 31 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Bütün dünyada öz atçılıq ənənələri ilə tanınan Danimarka atlarla sərt davranışa görə nüfuzunu korlayıb.
AZƏRTAC daha əvvəl verdiyi məlumatda bildirmişdi ki, “At dünyasının sirləri” televiziya sənədli filminin nümayişindən sonra Danimarka Atçılıq İdmanı Federasiyası (DRF - Dansk Ride Forbund) milli yığmanın heyətindən ulduz minici Andreas Helqstrandı kənarlaşdırıb. Sənədli filmin nümayişindən az əvvəl DRF-nin sədri, Andreasın atası Ulf Helqstrand fəaliyyətini dayandırıb. Onu sədrin müavini Yakob Bliher Ravnsbo əvəz edib.
Federasiya tərəfindən yeni İdarə Heyətinin aprelin 13-də seçilməsi gözlənilir, lakin Ulf Helqstrand və Yakob Bliher Ravnsbo bu prosesdə iştirak etməyəcəklərini bildiriblər. DRF sədri vəzifəsinə namizədlərdən biri şahzadə Benedikt və şahzadə Rihard Sayn-Bitgenşteyn-Berleburqun qızı Danimarka şahzadəsi Natali su Sayn-Vitgenşteyndir.
Natali su Sayn-Vitgenşteyn komanda yarışında 2008-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, karyerasını başa vurduqdan sonra bir neçə il milli yığmanın məşqçisi olub.
“Atçılıq idmanı çöküb. Fikrimcə, biz vəziyyəti dəyişə biləcəyik, lakin hamımız bir istiqamətə hərəkət etməliyik”, - deyə Natali su Sayn-Vitgenşteyn “Ridhesten” saytına müsahibəsində bildirib.