Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Ulu Öndərin büstü açılıb
Daşkənd, 8 may, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Ulu Öndərin adını daşıyan muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub.
AZƏRTAC xəbər verir ki, büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Xalq Rəssamı, Marina Borodinova tərəfindən hazırlanıb və Heydər Əliyev muzeyində daimi olaraq nümayiş etdiriləcək.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Ümummilli Liderin Azərbaycanla bağlı fikirlərindən sitat gətirib.
O bildirib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan muzeydə Ümummilli Liderin büstünün qoyulması, gələcəkdə muzeyin yeni eksponatlarla zənginləşdirilməsi onun irsinin təbliğinə töhfə olacaq.
Sonra büstün açılışı olub.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verib. O, Ulu Öndərin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi, Özbəkistanın birinci Prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açıb.
Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru İsrayil Muxammadiyev, tərcüməçi Şəhla Qasımova, azərbaycanlı alim Almaz Məcidova və başqaları öz çıxışlarında Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd