DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ SEMİNAR-MÜŞAVİRƏKEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətli iqtisadi inkişaf yoluna qədəm qoymuş, nəticədə, əhalinin maddi rifah halı xeyli yaxşılaşmış, respublikamızda on minlərlə əlavə iş yeri açılmış, Azərbaycan beynəlxalq strukturlara, dünya iqtisadiyyatına, sivilizasiyasına inamla inteqrasiya etmiş, demokratik, sivil, hüquqi dövlət kimi, onun imici beynəlxalq aləmdə xeyli möhkəmlənmişdir.
Nazir müavini qeyd etmişdir ki, ölkə həyatının bütün sahələrində müşahidə olunan bu inkişaf özünü daxili işlər orqanlarının nümunəsində də göstərmiş, dövlət rəhbərliyi səviyyəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə ictimai sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunmasını, cinayətkarlıqla qətiyyətli mübarizəni təmin edə bilən, yüksək peşəkarlığa, mənəvi keyfiyyətlərə malik kadr özəyi yaranmış və bu kadrlar əvvəlki illərdə olduğu kimi, 2005-ci ildə də dövlətimizin başçısı İlham Əliyevin qarşımıza qoyduğu məsul vəzifələri layiqincə yerinə yetirmişlər.
General-leytenant Əsgər Ələkbərov göstərilən uğurlarla yanaşı, kadrların düzgün seçilib-yerləşdirilməsi, peşə hazırlığının artırılması, şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi və digər sahələrdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırlatmış, həmin nöqsanları göstərməklə aradan qaldırılmasının zəruriliyini bildirmiş, tapşırıq və tövsiyələr vermişdir.
Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov, Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Bəhruz Səfərəliyev, Mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov, Şəxsi Heyətlə İş İdarəsi rəisinin müavini, polkovnik Eldar Abbasov, DİN İdman Cəmiyyətinin sədri, polkovnik Rafiq Hacıyev, Polis Akademiyasının rəisi, polkovnik Ramiz Nağıyev, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəisi, polkovnik Mahir Əbilov və başqaları gündəlikdəki məsələlər barədə çıxış etmiş, ötən il görülmüş işlərdən, buraxılmış nöqsanlardan və qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirə yekun vuran Əsgər Ələkbərov seminar-müşavirənin və müzakirələrin faydalı olduğunu bildirmiş, məruzələrdə səslənmiş irad və nöqsanların ərazi polis orqanlarının rəisləri və onların göstərilən sahəyə məsul müavinləri tərəfindən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulamış, bu istiqamətdə lazımi səylər göstərməyən vəzifəli şəxslər barəsində ciddi ölçülərin götürüləcəyini diqqətə çatdırmışdır. O, əmin olduğunu bildirmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti dövlət rəhbərliyinin göstərdiyi daimi diqqət və qayğıya bundan sonra da layiqli xidmətləri ilə cavab verəcək, qarşıya qoyulmuş məsul vəzifələrin həlli üçün bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.