“Deloitte Azərbaycan” Bakıda ağacəkmə kampaniyası keçirib
Bakı, 7 may, AZƏRTAC
Beynəlxalq audit şirkəti “Deloitte Azərbaycan” bu şirkətin bütün dünyada keçirdiyi “Töhfə vermək günü” (Impact Day) çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə Bakı şəhərində ağacəkmə kampaniyası keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, "Deloitte Azərbaycan”nın əməkdaşları və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 8-ci kilometr hissəsindəki ərazidə onlarla zeytun ağacı əkiblər.
Ağacəkmə kampaniyasından sonra şirkət tərəfindən autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün “EkoSfera” Sosial-Ekoloji Mərkəzinə ekskursiya təşkil edilib, ekoloji və ətraf mühitin qorunmasına dair mövzularda xüsusi təlimlər keçirilib.
Ağacəkmə kampaniyasında “Deloitte Azərbaycan”ın əməkdaşları, “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzlərindən yararlanan autizmi olan uşaqlar və onların valideynləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 2 nömrəli Yaşıllaşdırma idarəsinin əməkdaşları iştirak ediblər.