“Demokratiçeskaya Ukraina” qəzetində “Azərbaycan: 2014-cü il Sənaye İlidir” sərlövhəli məqalə dərc olunub
Bakı, 24 iyul (AZƏRTAC). Qocaman və nüfuzlu “Demokratiçeskaya Ukraina” ictimai-siyasi qəzetində AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbiri Zeynal Ağazadənin Ukrayna dilində “Azərbaycan: 2014-cü il Sənaye İlidir” sərlövhəli məqaləsi dərc olunub.
Müəllif yazır ki, hər il Azərbaycanın inkişafında prioritet istiqamətin müəyyənləşdirilməsi ölkədə gözəl ənənəyə çevrilib. Bundan əvvəlki - 2013-cü il informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı əlaməti altında keçibsə və Azərbaycanın ilk süni peykinin orbitə buraxılması onun mühüm nəticələrindən biri olubsa, 2014-cü il respublikada Sənaye İli elan edilib. Bu isə o deməkdir ki, cari ildə dövlət sənayenin müxtəlif sahələrinin intensiv inkişafına, ənənəvi sahələrlə yanaşı yeni istehsal sahələrinin, sənaye parklarının yaradılmasına, ölkə regionlarının sənaye potensialının gücləndirilməsinə, innovasiyaların tətbiqinə xüsusi diqqət yetirəcəkdir.
Öz növbəsində ən müasir texnologiyalardan istifadə etməklə yeni müəssisələrin açılması ölkədə ixracat yönümlü keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsalının artmasına gətirib çıxaracaqdır.
Müəllif qeyd edir ki, son 10 ildə Azərbaycanda sənaye məhsulu istehsalı 2,7 dəfə artıb. Bu, ölkə sənayesinə investisiyaların xeyli artması sayəsində mümkün olub. Dövlət sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır, ona hərtərəfli yardım göstərir. Beləliklə, ölkənin inkişaf etdirilməsi, sənaye potensialının möhkəmləndirilməsi və gücləndirilməsi, insanların işlə təmin olunması dövlətin və özəl sektorum ümumi məqsədinə çevrilib.
Müəllif həmçinin Azərbaycanın Sumqayıt, Gəncə və Mingəçevir kimi sənaye mərkəzlərinin inkişafı sahəsində görülən tədbirlərdən də söhbət açır.
Materialda qeyd edilir ki, Azərbaycanda Sənaye İli elan olunmuş 2014-cü il sənayeləşdirmə əlaməti altında keçəcək və sənayenin yüksək inkişaf sürətinin əldə edilməsinə gətirib çıxacaqdır. Bu isə öz növbəsində iqtisadiyyatın sürətlə inkişaf etməsinə, yeni iş yerlərinin yaradılmasına, sosial sahəyə vəsait qoyuluşlarının artmasına, xalqın rifahının yüksəlməsinə kömək göstərəcəkdir.
Hazırda Azərbaycan dünyada biznesin inkişafı üçün gözəl şəraitin olduğu bir ölkə kimi tanınıb. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, əlverişli investisiya iqlimi xarici biznesmenlərdə getdikcə daha böyük maraq doğurur. Bunun nəticəsidir ki, adambaşına birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan MDB məkanında ön sıralardan birini tutur.
Məqalədə deyilir: “İqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərinin karbohidrogen resursları hasilatından asılılığı aradan qaldırmağa imkan verən sahələrə yönəldilməsi - bu gün Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti məhz belədir. Şübhəsiz, Sənaye İlində ölkənin qarşısına qoyulmuş vəzifələr iqtisadiyyatı möhkəmləndirəcək, onunla yanaşı xalqın güzəranını yaxşılaşdıracaq, gələcək nəsillərin təhlükəsiz və sabit həyatını təmin edəcəkdir”.