Dendrologiya İnstitutu beynəlxalq tədbirə hazırlıq işlərini müzakirə edib
Bakı, 13 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru vəzifəsini icra edən dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda 7 şöbə və 8 laboratoriyada yerinə yetirilən elmi-tədqiqat işləri və nəzərdə tutulan tədbirlərin müzakirəsi aparılıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasın gündəliyində duran birinci məsələ “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə təsiri” mövzusunda beynəlxalq konfransın keçirilməsi haqqında olub. Qeyd edilib ki, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin artırılması, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə edilməsi, onların bərpası üzrə beynəlxalq səviyyədə tədqiqatların aparılması əsas məqsəddir.
İclasda, həmçinin Əl-Farabi adına Qazax Milli Universitetinin 90 illik yubileyi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçiriləcək “Biologiya elmlərinin davamlı inkişafında müasir trendlər” adlı beynəlxalq elmi-praktik konfrans və foruma hazırlıq işləri müzakirə edilib. Tədbir martın 27-28-də Əl-Farabi adına Qazax Milli Universitetində keçiriləcək.