REGİONLAR
Dənizçilər Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlıda ağac əkiblər




Bakı, 10 may, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəhbərliyi ilə nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ağacəkmə kampaniyası keçirib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, kənddəki məscid, "Bayraq meydanı", "Qayıdış" parkı, eləcə də digər sosial obyektlərlə yaxından tanış olublar.
Sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib. Dənizçilər N saylı hərbi hissənin əsgər və zabitləri ilə birlikdə 100-dən çox çinar ağacı əkiblər.
ASCO-nun sədr müavini Nəzrəddin Əhmədzadə bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan təbiətinə daim xüsusi önəm verib, onun qorunmasını ən vacib məsələlərdən sayıb. Qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sədr müavini onu da bildirib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi ASCO rəhbərliyinin də diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Belə nəcib aksiyalar bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.