Deputat: Ermənistanla və digər qonşularımızla sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir
Bakı, 24 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqi xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının proqram xarakterli nitqində mövcud vəziyyət, dünyada baş verən proseslər fonunda Azərbaycanın mövqeyi ilə bağlı hansı işlərin görüldüyü və görüləcəyi haqqında fikirlər səsləndirildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin parlamentdəki çıxışında toxunduğu məqamlardan biri də Vətən müharibəsindən sonrakı dövrdə qazanılan uğurlarımızla bağlıdır. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Cari ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir və çox böyük uğurdur.
“Prezident İlham Əliyevin proqram xarakterli nitqində ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilir və əsaslandırılır. Təbii ki, bunlardan ən birincisi təhlükəsizlik məsələsidir. Vətən müharibəsi və antiterror əməliyyatının nəticələri qarşımızda yeni çağırışlar və vəzifələr qoyur. Bunlardan ən birincisi və mühümü milli təhlükəsizliyin təmin edilməsi, hərbi gücümüzün artırılması məsələsidir. Çünki dünyada gedən proseslər, Ermənistanda baş qaldıran revanşizm meyilləri bu sahəyə daim diqqət göstərilməsini zəruri edir”, - deyə A.Nağıyev vurğulayıb.
Komitə sədri ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasının, ən müasir silah-sursatla təchizatının, yerli hərbi sənaye kompleksinin sürətli inkişafının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, hərbi zavodlarda genişmiqyaslı modernləşmə işlərinin aparılması, yeni avadanlıq, texnika, silah-sursat istehsalı vacibdir. Çünki hərbi sənaye kompleksinin gücləndirilməsi ölkəmizin gücünü və inkişafını göstərir, xarici mənbələrdən asılılığı azaldır.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun ləğvi də artıq mütləqdir. Bildirib ki, bu təşkilat sülhün təmin olunması istiqamətində əməli işlər görmək əvəzinə, dekorativ bəyanatlarla yadda qaldı.
A.Nağıyev qeyd edib ki, başqa ölkələrin dedikləri ilə oturub-duran, müstəqil siyasəti olmayan Ermənistan regionda sülhün, sabitliyin təmin olunması istiqamətində addımlar atmaq əvəzinə, onu qızışdıranların sözü ilə hərəkət edir. Həmin ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Bu səbəbdən qonşularımızla sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir.
“Ermənistanla sərhəddə 13 kilometr məsafədə delimitasiya və demarkasiya işləri artıq görülüb. Qonşu ölkə ilə 500 kilometrlik sərhədin mürəkkəb relyefi, bəzi xidmət yerlərinin 3000 metr yüksəklikdə yerləşməsi sərhədlərimizin müasir infrastrukturla təchiz edilməsi tələbatını yaradır. Ermənistandan təxribat amili çox yüksəkdir və hər an gözlənilə bilər. Ermənistan və onu qızışdıran, arxasında duran ölkələr Azərbaycanla şantaj, ultimatum dili ilə danışmağın mümkün olmayacağını sonunda anlayacaqlar. Ölkəmizə hansısa real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün çətin olmayacaq”, - deyə Arzu Nagıyev əlavə edib.