DƏYİRMİ MASADA DÖVLƏTİN ELM VƏ TƏHSİLİN İNKİŞAFINA QAYĞISINDAN DANIŞILMIŞDIR
Ali məktəb tələbələrinin iştirak etdiyi dəyirmi masanı giriş sözü ilə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Bahar Muradova açmışdır. O, alimlərin vəzifə maaşlarına əlavələrin və əlaçı tələbələrin təqaüdlərinin artırılması ilə bağlı prezident sərəncamlarının əhəmiyyətindən danışmışdır. Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli dövlətimizin həyata keçirdiyi sosial siyasətdə elm adamlarına xüsusi yer verilməsinin mahiyyətindən, gənclər idman və turizm nazirinin müavini İntiqam Babayev isə dövlətimizin gənclər siyasətindən söz açmışlar.
Natiqlər “Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında” və “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında“ Prezident sərəncamlarını Azərbaycanda elm və təhsilin səviyyəsini inkişaf etdirmək üçün faydalı addım kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu sənədlərin əsl mahiyyəti gəncləri təhsilə həvəsləndirmək, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
Natiqlər ümidvarlıqla demişlər ki, gənclərimiz onlara göstərilən qayğını yüksək qiymətləndirəcək, müasir dövrün tələblərinə uyğun bilik alacaq, layiqli mütəxəssis kimi xalqımıza və dövlətimizə xidmət edəcəklər.
Çıxış edən tələbələr Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün daha yaxşı bilik alacaqlarını bildirmiş və əmin olduqlarını demişlər ki, əlaçı tələbələrin təqaüdlərinin artırılması təhsil ocaqlarında oxuyanlar arasında sağlam rəqabət yaradan əsas amillərdən birinə çevriləcəkdir.