DİM-in “YouTube” kanalında yerləşdirilmiş videomühazirələrə baxış sayı 35 mini keçib
Bakı, 30 dekabr, AZƏRTAC
Bu il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci il mart-iyul aylarında ödənişsiz edilib. Portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 40 minə yaxın istifadəçi tərəfindən 131107 yazılış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilin yekunlarına dair iclasda məlumat verib.
Qeyd olunub ki, sosial şəbəkələrdə də Dövlət İmtahan Mərkəzi aktiv fəaliyyət göstərib. Ötən illə müqayisədə DİM-in “Facebook” izləyicilərinin sayı 187680-dən 200152-yə, “Instagram” izləyicilərinin sayı 16200-dən 40000-ə, “YouTube” izləyicilərinin sayı 25200-dən 46700-ə yüksəlib. Qurumun yeni “Telegram” kanalı da yaradılıb və hazırda 7700-dən çox abunəçi var.
Dövlət İmtahan Mərkəzinin “YouTube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edib. Portala ümumilikdə 627 dərs yerləşdirilib. Bunlardan 250-yə yaxını pandemiya dövründə edilib.
Abituriyentlərə dəstək məqsədilə Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilib. Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 151 videomühazirə yerləşdirilib. Videomühazirələrə bu günə olan baxış sayı 35462-dir.