CƏMİYYƏT
Diplomatiya Könüllüləri tərəfindən "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" adlı video hazırlanıb VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribat ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri tərəfindən fəallıq nümayiş etdirilir.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Diplomatiya Könüllüləri sosial şəbəkələrdə Ermənistanın yalanlarını ifşa edən paylaşımlarla çıxış edirlər. Belə ki, gənc könüllülərin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə paylaşdıqları poster və videolar yerli və xarici auditoriyanın diqqətini cəlb edib.
Diplomatiya Könüllülərinin növbəti layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" videosu ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin dilindən dünya ictimaiyyətinə müraciəti əks etdirir. İngilis, alman, koreya, çin, fransız, ispan dillərində hazırlanan müraciətin digər dillərə də tərcümə edilməsi nəzərdə tutulur.