Diyetoloqlar internetdə yemək şəkillərinə baxmağa aludə olmağı məsləhət görmürlər
Bakı, 2 fevral, AZƏRTAC
Livan-Amerika Universitetinin alimləri aşkar ediblər ki, internetdə qeyri-sağlam qida təsvirlərinə baxmaq ona meyli gücləndirə və qida davranışını pozmağa şövq edə bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Appetite” jurnalında dərc olunub. Tədqiqatda 18-24 yaşarası 63 nəfər iştirak edib. 15 dəqiqə ərzində iştirakçıların yarısı sosial şəbəkələrdə yemək şəkillərinə (əsasən “fastfud” yeməkləri) baxmalı idi. Digər könüllülər isə təbiətin, binaların və müxtəlif heyvanların şəkillərini izləyiblər. Bu mərhələ başa çatdıqdan sonra iştirakçılardan öz əhvali-ruhiyyələri barədə danışmağı və aclıq hissinin intensivliyini dəyərləndirməyi xahiş ediblər.
Cəlbedici yeməklərin şəkillərinə baxan könüllülər neytral fotoları izləyən qrupdakılarla müqayisədə daha güclü aclıq hissi keçirdiklərini bildiriblər. Eksperimentin virtual nahar üçün ərzaqların seçimi ilə bağlı sonrakı mərhələsində onlar daha çox pizza, qızardılmış kartof və burger üzərində dayanıblar.
Tədqiqatın təşkilatçıları bir həftə sonra qrupların yerini dəyişərək eksperimenti təkrarlayıblar. Daha əvvəl yemək təsvirlərini izləyənlər sosial şəbəkələrdə neytral fotolardan (təbiət, heyvanlar, memarlıq) ibarət lenti vərəqləməli idi. Baxışa ayrılan 15 dəqiqə bitdikdən sonra könüllülər virtual nahar tərtib edilərkən daha çox salatlara və quş ətinə üstünlük veriblər.
Tədqiqatçılar qeyd ediblər ki, qida təsvirlərini izləmək insanın toxluq dərəcəsinə baxmayaraq, onun aclıq səviyyəsini qaldıra bilər. Bu hal vizual aclıq adlanır. Alimlər əlavə ediblər ki, qeyri-sağlam qida ilə bağlı sosial şəbəkə kontenti əhvali-ruhiyyəyə pis təsir edir, eləcə də yağlı və kalorili ərzaqlara meyli gücləndirir. Bu isə qeyri-sağlam qida davranışına səbəb ola bilər.