Dneprdə “Azərbaycan diasporunun inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib
Dnepr, 9 may, AZƏRTAC
Ukraynanın Dnepr şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Azərbaycan diasporunun inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dnepr şəhər rəsmilərinin, deputatların, media və diaspor təmsilçilərinin iştirak etdikləri konfransda Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov çıxış edərək Ulu Öndərin zəngin həyat yolundan bəhs edib. O, Ulu Öndərin dövlət idarəçiliyi strategiyasında, Azərbaycan diasporunun inkişafına, xalqlar dostluğunun tərənnümünə, qədim adət-ənənələrimizin, zəngin mədəniyyətimizin və xalqımızın milli ruhunun yüksəldilməsinə hər zaman xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb.
Sonra Azərbaycan və Ukrayna televiziyalarının Heydər Əliyevin mənalı həyat yolu və zəngin fəaliyyəti ilə bağlı birgə hazırladığı sənədli film nümayiş etdirilib.
Konfransda Heydər Əliyevin dünyanın nadir şəxsiyyətlərindən biri olduğunu vurğulayan Ukrayna parlamentinin deputatı Maksim Kuryaçiy Ulu Öndərin siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən və ağır sosial iqtisadi böhrandan xilas edib, Azərbaycanın dövlət müstəqilliyinin və parlaq gələcəyinin əbədi qarantına çevrilib. Bu tarixi missiyanın Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi qeyd edilib. Sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilən Azərbaycanda Şərqlə Qərbi birləşdirən nəhəng beynəlxalq layihələrin gerçəkləşməsi dahi Heydər Əliyev dühasının məntiqi nəticəsi kimi səciyyələndirilib.
Konfransda Dnepropetrovsk Vilayət Şurasının deputatı Qoşqar Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyev və digər diaspor fəalları çıxış edərək ulu öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının vahid dövlətçilik məfkurəsi ətrafında birləşməsində tarixi missiyasından bəhs ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr