Dohada Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Qətərin Doha şəhərində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbiri keçirilmişdir.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə Qətər dövlətində akkreditə olunmuş diplomatik korpusun, yerli KİV-in nümayəndələri, bu ölkədə çalışan və səfirliyin dostları hesab olunan müxtəlif xarici ölkə vətəndaşları iştirak etmişlər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycanın Qətər dövlətindəki səfiri Tofiq Abdullayev xalqımızın tarixinə qara hərflərlə yazılmış faciə haqqında məlumat vermiş, 1992-ci il fevralın 26-da Xocalıda keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə erməni quldurlarının törətdikləri amansız qəddarlıqdan danışmışdır. Səfir Xocalıda qətlə yetirilmiş 613 şəhidin xatirəsinin həmişə ürəklərdə yaşadığını, ermənilərin işğalı altındakı torpaqlarımızda mövcud olan mədəniyyət abidələrimizi dağıtmasından da bəhs etmişdir. Vurğulanmışdır ki, bütün bunlardan beynəlxalq aləmin də xəbərdar olması çox vacibdir.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı çəkilmiş sənədli film nümayiş etdirilmişdir.
Səfir Tofiq Abdullayev Xocalı soyqırımının ildönümünə dair mətbuat konfransı da keçirmiş və tədbir Qətərin bir sıra aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.