DONDURMA İSTEHSALI VƏ SATIŞI ÜZRƏ MONİTORİNQ KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq aparılan 9 subyekt tərəfindən istehsal olunan və satılan dondurmaların tərkibinin fiziki-kimyəvi, mikrobioloji və orqanaleptik göstəricilərini müəyyənləşdirmək məqsədi ilə götürülmüş nümunələr müayinə olunmaq üçün Arbitraj laboratoriyasına verilmişdir.
Müayinənin nəticələri göstərmişdir ki, dondurma istehsalını və idxalını həyata keçirən bəzi təsərrüfat subyektləri qida məhsulu istehsalı üçün tələb olunan normativ sənədləri almamışlar, istehsal olunan məhsulların çəkisi etiketdə göstəriləndən azdır, məhsullar standartlara və sanitar normalara cavab vermir, məhsulların satışı zamanı ticarət qaydalarına əməl olunmur.
Müayinə zamanı, həmçinin müəyyənləşdirilmişdir ki, Yasamal rayonunda fəaliyyət göstərən “Avto” kiçik müəssisəsinin, Səbail rayonunda fiziki şəxs N.Məmmədmuradova məxsus mağazada satılan və “Ağ ayı” müəssisəsinin istehsal etdiyi dondurmalar müvafiq standartlara və sanitar normalara cavab vermir. Eyni sözləri Nərimanov rayonunda “Şişqaya” firmasının istehsalı olan “Şokoladlı” və “Moskovskoye”, Rusiyanın “Petroxolod” şirkətinin istehsalı olan “Belıye noçi” dondurmaları barədə də demək olar.
Nərimanov rayonunda yerləşən “Seymur” kiçik müəssisəsinin istehsal etdiyi “Hermes” və “Roka-Şoka” dondurmalarının tərkibi standarta uyğun gəlməmiş, satışa çıxarılanların çəkisi isə etiketdə göstəriləndən az olmuş, onların üzərində istehsal tarixi və son istifadə müddəti göstərilməmişdir.
Binəqədi rayonunda “Lyuks” məhdud məsuliyyətli cəmiyyətinin istehsalı olan “Omeqa” və “Extra” dondurmalarının etiketində istehsal tarixi və son istifadə müddəti, məhsulun istehsalında istifadə olunan DÜST və texniki şərt qeyd edilməmişdir. Xətai rayonundakı “AER” firmasının “Bakı gecələri” və “Plombir” dondurmalarının qablaşdırılması və etiketləşdirilməsi normativ sənədlərin tələblərinə cavab verməmişdir.
Aşkar olunmuş qanun pozuntularına yol vermiş təsərrüfat subyektləri barədə qanunvericiliyə əsasən tədbirlər görülür.