DOST-un səyyar xidmət göstərdiyi 87 yaşlı ahıl vətəndaş ailə qurub
Bakı, 23 noyabr, AZƏRTAC
1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 87 yaşlı vətəndaş Nadir Hüseynov noyabrın 23-də 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.
1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları həmin şad gündə də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibətilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı “ASAN xidmət” Mərkəzində baş tutub.
Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.