DÖVLƏT BAŞÇILARI ÖZBƏKİSTAN BİRJA MƏRKƏZİNDƏ OLMUŞLAR
Prezidentlərə məlumat verildi ki, Birja tədricən sabitləşməyə başlayan Özbəkistan iqtisadiyyatının mövcud vəziyyətini özündə tam əks etdirir. Bir sıra xarici şirkətlərin köməyi ilə burada dünya standartlarına cavab verən avadanlıqlar quraşdırılmış, müasir rabitə sistemi işə salınmışdır. Ölkə iqtisadyyatının bütün sahələrindən ilkin informasiyalar birbaşa Birjaya daxil olur, burada təhlil edilir və günün nəticələri barədə məlumatlar müxtəlif yerlərə ötürülür.
Dövlət başçılarına Birja Mərkəzinin aylıq, rüblük bülletenləri barədə də ətraflı məlumat verildi. Bildirildi ki, bu məlumatlarla məhsul istehsalının artım sürəti, milli valyutanın dönərlilik dərəcəsi, bankların kredit imkanları, ümumi makroiqtisadi meyillər, MDB ölkələrinin qiymətli kağızlar bazarlarında vəziyyət haqqında dolğun informasiya öz geniş əksini tapır. Birjanın hazırladığı son məlumata görə, ölkənin maşınqayırma, kimya, metallurgiya və aqrar sənaye komplekslərində artım müşahidə olunur. Ötən yarım ildə inflyasiyanın orta aylıq səviyyəsi müəyyən qədər aşağı düşmüşdür, sərt pul siyasəti yeridilməsi nəticəsində büdcə kəsiri xeyli azalmışdır.
Hörmətli qonaqlar Birja Mərkəzinin informasiya bölməsi ilə də maraqla tanış oldular. Bu bölmə dünyanın bir sıra iqtisadi qurumları ilə birbaşa əlaqəyə malikdir. Məhz bunun nəticəsində də xarici tərəfdaşlar lazım olan informasiyanı bu bölmə vasitsilə ən qısa müddətə əldə etmək imkanı qazanmışlar.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçıları kompyuterdə çıxarılmış öz şəkillərinin üzərinə aftoqraf yazdılar. Prezidentlər mərkəzin fəxri qonaqlar kitabına imza atdılar.