Dövlət Dəmir Yolu liseyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Dəmir Yolu liseyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Liseydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan liseyin direktoru, dosent Həsən Bayramov erməni terrorçularının xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının bəşəriyyətə qarşı dəhşətli cinayət olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlər nəticəsində bu barədə uğurların qazanıldığını bildirib.
H.Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində faciənin dünyaya çatdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, bu soyqırımı ilə bağlı liseydə xüsusi guşə yaradılıb, günün ilk dərsi Xocalı faciəsinə həsr edilib, təhsil ocağının kitabxanasında disput təşkil olunub.
Liseyin müəllimi Nuranə Əhədzadə Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu bildirərək, bu soyqırımı ilə bağlı tarixi faktlardan bəhs edib.
Sonda “Xocalıya ədalət” və “Xocalı soyqırımı” filmləri nümayiş olunub.