Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Misirdə səfərdədir
Qahirə, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Misirdə səfərdədir.
Nümayəndə heyətinin səfər çərçivəsində ilk tədbiri ölkəmizin Misirdəki səfirliyində müstəqilliyin bərpasının 30 illiyi ilə bağlı keçirilən mərasimdə olub. Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva iştirakçılar qarşısında çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan haqqında çıxışının videosu nümayiş etdirilib, həmçinin Misirdə yaşayan azərbaycanlı ailələrin uşaqları doğma Vətən haqqında şeirlər söyləyiblər.
Səfərin məqsədi və keçiriləcək görüşlər haqqında AZƏRTAC-ın xüsusi müxbirinə açıqlama verən Sevinc Əliyeva qeyd edib ki, Monitorinq Mərkəzinin nümayəndə heyəti Qahirə Universitetində, EPS dillər mərkəzində, Misirdəki Azərbaycan diaspor təşkilatının baş ofisində olacaq. O qeyd edib: “Bu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ilk xarici səfəridir. Özümüzlə “Əcnəbi tələbələr üçün Azərbaycan dili” adlı tədris vəsaiti gətirmişik və onu burada dilimizi öyrənən tələbələrə hədiyə edəcəyik. Düşünürəm ki, sadələşdirilmiş qrammatika qaydalarını ehtiva edən bu kitab Misirdə Azərbaycan dilini tədris edən müəllimlər üçün faydalı olacaq. Əməkdaşımız flektiv və iltisaqi dillərin fərqi sahəsində qrammatik qanunauyğunluqları izah edəcək və dil faktları ilə təqdim edəcək. Eyni zamanda, mərkəzimizin “ASAN radio”da yayımlanan “Nitq mədəniyyəti” verilişinin videodisklərini və digər materiallarını da təqdim edəcəyik. Məqsədimiz Azərbaycan dilini beynəlxalq aləmdə daha çox yaymaq və təbliğ etməkdir. Düşünürəm ki, Misir səfəri uğurlarımızın başlanğıcı kimi fəaliyyət tariximizdə böyük və əhəmiyyətli rol oynayacaq. Səfər çərçivəsində Misirdə çalışan və təhsil alan həmvətənlərimizlə yanaşı, əcnəbi tələbələrə də Azərbaycan dili ilə bağlı təlimlər keçiriləcək, müxtəlif mövzularda məruzələr ediləcək”.
Misirlə bağlı ilkin təəssüratlarını bölüşən S.Əliyeva söyləyib ki, Azərbaycandan gəldiyimizi öyrənən hər bir misirlinin çöhrəsindəki təbəssüm nümayəndə heyəti üzvlərinin sevincinə səbəb olub.
S.Əliyeva əlavə edib ki, bu gün dünyada 50 milyona yaxın insanın dili Azərbaycan dilidir. Onların 40 milyonu xarici ölkələrdə məskunlaşıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin bu missiyası soydaşlarımıza, xüsusən gənc nəslə dilimizi daha çox sevdirmək, həmçinin əcnəbilərin Azərbaycan dilini öyrənmələrinə töhfə verməkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə