Dövlət Film Fondunda növbəti tədbir kinorejissor Davud İmanova həsr edilib
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir təşkil edilib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbir kinorejissor Davud İmanovun yaradıcılığına həsr olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında D.İmanovu vətənpərvər və intellektual insan kimi xarakterizə edərək, onunla Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda birlikdə təhsil aldığı illərdən, həmçinin rejissorun lentə aldığı bədii, sənədli filmlərdən danışıb.
Sonra kinorejissor Davud İmanovun 1989-cu ildə çəkdiyi “Səttar Bəhlulzadə” filmi nümayiş olunub.
Nümayişdən sonra rejissorun həyat yoldaşı Firuzə İmanova onun “Sumqayıtın əks-sədası” filminin çəkilişləri zamanı Ümummilli Lider Heydər Əliyevlə görüşündən, eyni zamanda “Rəşid Behbudov” filmində SSRİ Xalq artisti R.Behbudovun iştirakı ilə apardığı çəkilişlərdən danışıb.