DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
Aydın Əliyev ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabrında Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırmışdır. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geosiyasi mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını bildirən komitə sədri, əfsanədən reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxın zamanlarda tam istismara veriləcəyini söyləmiş, bp şirkətinin respublikamızda neft sektorunun inkişafı naminə gördüyü işləri yüksək qiymətləndirmişdir.
Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi bp ilə gömrük orqanları arasında mövcud əlaqələrə də toxunan Aydın Əliyev, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının gerçəkləşdirilməsində gömrük orqanlarının da üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün bir sıra tədbirlərn həyata keçirildiyini, bu məqsədlə yaradılan “Sahil” və “Yeni Sahil” gömrük postlarının fəaliyyət göstərdiyini bildirmişdir.
Fil Houm Aydın Əliyevi yeni təyinatı münasibətilə təbrik etmiş və “Əsrin müqaviləsi”ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda bp şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləmişdir. Qonaq, ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs etmiş, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirmişdir. bp şirkətinin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolu olmuşdur deyən Fil Houm uzun illərdən bəri mövcud olan işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.