Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasda magistraturaya qəbul imtahanının ikinci mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı, monitorinq imtahanlarının nəticələri, dövlət qulluğuna qəbul sahəsində görülən işlər və s. məsələlər müzakirə olunub.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısı barədə danışan M.Abbaszadə qeyd edib ki, siyahıya rus dilində çapdan çıxmış çoxlu sayda köhnə nəşrlər daxildir və bu, bakalavrların magistraturaya qəbul imtahanının ikinci mərhələsinə hazırlaşmalarında çətinlik yaradır. Məlumdur ki, bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edir və ya bu materialları internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblər tərəfindən təqdim olunan ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursun adına rast gəlinmir.
Sədr təklif edib ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılsın.
M.Abbaszadə qeyd edib ki, hazırda DİM tərəfindən ali təhsilin məzmunu ilə əmək bazarının tələbləri, yəni dövlət orqanlarının iş axtaranlara dair qoyduqları tələblərin müqayisəsi üzrə araşdırma aparılır. Bu araşdırmanın nəticələri də yaxın zamanlarda şura üzvlərinə təqdim olunacaq.
DİM Direktorlar Şurasının sədri Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü illə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib. Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıqtipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə “siz necə düşünürsünüz?” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %). Həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyənləşdirilsin.
Təhsil nazirinin səlahiyyətlərini icra edən, şura üzvü C.Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilib və nəticələr təhlil olunub.
Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələbləri qoymaq düzgün deyil.
Dövlət qulluğuna qəbul sahəsində görülən işlər barədə DİM Direktorlar Şurası sədrinin müavini B.Xəlilov məlumat verib. O, elan olunmuş müsabiqələrin müsahibə mərhələsi üzrə statistik göstəriciləri (o cümlədən hər bir dövlət orqanı üzrə ayrılıqda) təqdim edib. Bildirilib ki, 1.315 vəzifə üzrə müsabiqənin müsahibə elanı verilib.
Yanvarın 11-i tarixli elan üzrə 1700 müraciət qeydə alınıb, baş tutmuş 306 müsahibədə namizədlər uğur əldə edib, 540 müsahibə üzrə isə uğur qazanan olmayıb. Ümumilikdə 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173-nə 272 namizəd uyğun hesab edilib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib.
Bildirilib ki, 26 yanvar tarixli müsahibə elanı üzrə 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15-nə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
Bu elanlar üzrə 1808 müraciət qeydə alınıb və həmin müraciətlərə uyğun müsahibə qrafikləri hazırlanıb, qanunvericiliyə uyğun olaraq dövlət orqanı, DİM-in nümayəndəsi və müstəqil ekspertdən ibarət müsahibə komissiyaları yaradılıb və müsahibələrin keçirilməsi üçün digər zəruri təşkilati tədbirlər görülüb. Lakin statistikaya əsasən, müsahibələrdə iştirak üçün müraciət etmiş namizədlərin 50 faizi müsahibədə iştirak etməyib. Belə ki, 483 namizəd müsahibələrdə iştirakdan imtina edib, 412 namizəd isə üzrlü səbəb olmadan müsahibələrə qatılmayıb. Halbuki həmin şəxslərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılıb, onlarla keçiriləcək müsahibələrin vaxtı və yeri müəyyənləşdirilərək DİM-in və dövlət orqanın internet portalında yerləşdirilib, şəxsi işləri müsahibə üçün hazırlanıb, müsahibə qrafikinə uyğun olaraq müsahibədə iştirakla bağlı mütəxəssis və ekspertlər cəlb edilib, müsahibənin keçirilməsi üçün DİM-in və dövlət orqanının nümayəndəsi müsahibə komissiyasına cəlb olunub. Bu işlərin həyata keçirilməsi ilə bağlı DİM və dövlət orqanı tərəfindən kifayət qədər işçi qüvvəsindən və maddi resurslardan istifadə edilib.
Bütün bunlara əsasən, B.Xəlilov tərəfindən dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı keçirilən müsahibələrin səmərəli təşkilinin təmini məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə təkliflər şura üzvlərinin müzakirəsinə çıxarılmışdır.
Şura üzvləri təkliflərlə tanış olduqdan sonra növbəti iclasda məsələ ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.