Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Bakı, 31 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il avqust 1-i saat 06:00-dək uzadıldığı qeyd olunub.
Məlumat verilib ki, bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Həmin qaydalarla https://www.migration.gov.az/az/news_detail/14374) linki vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (iyunun 5-də və 6-da, 12-də və 13-də, 19-da və 20-də, 26-da və 27-də, iyulun 3-də və 4-də, 10-da və 11-də, 17-də və 18-də, 24-də və 25-də, 31-də və avqustun 1-də) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin “MigAz” mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
DMX bir daha xatırladıb ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.