Dövlət Xidməti qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edib
Bakı, 23 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim olunan sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.
“Alov Mühafizə” və “Vətən-N Mühafizə Xidməti” MMC-lərin müvafiq olaraq 10 və 8 saylı filialları, “Alfa 99 Corp”, “Ağ Naftalan”, “Archimed”, “Azbiodinamika”, “Azərenerji Təchizat”, “Braenso Line”, “Buta Service Group”, “CFR 22 Corp”, “Echo Moon LT”, “EF Print Reklam Mətbəə Poliqrafiya”, “Gold Planet LT”, “Kaspian Standart”, “Qlobus AZXX Kompany”, “Qlobal 18 Corp”, “LM Holdinq-L”, “Mahdi Nema”, “Marz”, “Montela ABC”, “Orlondo 22 Corp”, “Rəbunə”, “Star - 08 LT”, “Şəhriyar Təmir Tikinti”, “T-Delta Group LT”, “Texnomaks”, “Vesta Group”, “Zırfe TIM Corp” MMC-lər tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə olunmaqla saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair ilkin dəlillər aşkarlanıb.