Dubay sakinindən xərçəng xəstələri üçün nəcib addım
Bakı, 3 noyabr, AZƏRTAC
Dubay sakini velosipedlə Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə 600 kilometrlik səyahət üçün son hazırlığını aparır. O, “Ginnesin Rekordlar Kitabı”na düşməklə yanaşı, xərçəng xəstələrinin müalicəsi üçün 1 milyon dirhəm toplamağı hədəfləyir.
AZƏRTAC BƏƏ mətbuatına istinadla xəbər verir ki, 39 yaşlı Avstraliya əsilli Cimmi Rayt ilk dəfə olaraq, hazırda 1 gün 17 saat və 47 dəqiqə olan dünya rekordunu təzələməyə çalışır. Onun sözlərinə görə, toplanan vəsaitin hamısı xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım edən “Al Jalila Foundation” fondunun hesabına köçürüləcək.
Cimmi əlavə edib: "Mənim əsas məqsədim təkcə Səudiyyə Ərəbistanından Ras Əl-Xaiməyə velosiped sürməklə Ginnesin rekordunu qırmaq deyil, həm də ictimaiyyətin diqqətini cəlb etmək və uşaqların müalicəsi üçün vəsait toplamaqdır. Bu cəhd mənə şəxsən balaca pasiyentlərə kömək etmək imkanı verir”.
Cimminin həyat yoldaşı Abiyə iki il əvvəl süd vəzi xərçəngi diaqnozu qoyulub və o, yalnız bu yaxınlarda dəhşətli xəstəliyi məğlub edə bilib. Məhz bu zaman Cimmi başqa insanlar üçün nəsə etmək qərarına gəlib və pul toplama layihəsi ilə çıxış edib.
"Bu qeyri-adi çağırışa hazırlaşmaq üçün mən üç aylıq ciddi məşq proqramından keçdim. Bu rejimə velosipedlə uzaqməsafəli yürüşlərin və yüksək intensiv məşqlərin diqqətli kombinasiyası daxil idi. Bu yanaşma mənim hazırlığımı və rekordu qırmaq üçün dözümlülüyümü artırmaq üçün çox vacib oldu", - deyə Cimmi qeyd edib.
Cimmi Rayt gələn həftə rekord qırmaq üçün səyahətə çıxacaq. O vurğulayıb: "Mən bu yolun ən çətin anlarında ailəmin dəstəyinə arxalanacağam. Həyat yoldaşım xərçəngə qarşı cəsarətlə mübarizə aparıb və onun sarsılmaz iradəsi, eləcə də övladlarımın inamı mənim üçün güclü zehni və emosional təməl olacaq, pedalı çevirməyə davam etməyə stimul verəcək”.