Dubayda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Dubaydakı baş konsulluğu tərəfindən Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Qazaxıstanın baş konsulu Askar Şokibaev, Özbəkistanın baş konsulu Mansurbek Kılıçev, Qırğızıstanın baş konsulu Kuban Omuraliyev, Tacikistanın baş konsulu Abdurrahman Ayyubov, Türkiyənin baş konsulu vəzifəsini icra edən Harun Özdikiş, ABŞ konsulu Şennon Snip və digər ölkələrin Dubayda akkreditə olunmuş baş konsulluqlarının əməkdaşları, Azərbaycan təşkilatlarının və şirkətlərinin regional ofislərinin təmsilçiləri, BƏƏ-də işləyən və təhsil alan həmyerlilərimiz, azərbaycanlı və xarici mətbuat və ictimaiyyət nümayəndələri, o cümlədən Media Most yayım şirkətinin icraçı redaktoru Əliheydər Rzayev və ingilis dilində dərc edilən “National” qəzetinin redaktoru Frenk Keyn iştirak etmişlər.
Tədbirin açılışında Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Qarabağ Qazi azanı”nın təqdimatı olmuşdur. Təqdimat zamanı azanın sədası altında Xocalı soyqırımının qurbanlarının və erməni vəhşiliklərinin əks olunduğu fotoslayd nümayiş etdirilmişdir.
Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Pərviz İsmayılzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində törətdikləri qətliam barədə geniş məlumat vermişdir.
Xocalının işğalının misli görünməmiş qəddarlıqla müşayiət olunduğunu diqqətə çatdıran P.İsmayılzadə bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadın və 83 uşağın qətlə yetirildiyini, 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyünü qeyd etmişdir. Soyqırımı nəticəsində 487 nəfərin, o cümlədən 76 uşağın əlil olduğu, əsir götürülmüş 1275 nəfərdən 150 nəfərin taleyinin hələ də naməlum olduğunu bildirən baş konsul törədilmiş cinayətlərin səbəbkarlarının gec-tez qanun qarşısında cavab verəcəklərini bəyan etmişdir.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi və soyqırımı qurbanlarının fotoşəkillərindən ibarət sərgi nümayiş etdirilmişdir.