DÜNYA ŞÖHRƏTLİ “KON-TİKİ” MUZEYİ İLƏ TANIŞLIQ
Aprelin 24-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər “Kon-Tiki” muzeyinə gəldilər. Burada dövlətimizin başçısını “ev sahibi” - Tur Heyerdalın özü qarşıladı. Tur Heyerdal hazırda İspaniyada yaşayır. O, Azərbaycan rəhbərinin Norveçə gəldiyini Mərakeşdə eşidib və səfərini yarımçıq qoyaraq Osloya tələsib.
Heydər Əliyev və Tur Heyerdal köhnə dostlar kimi görüşdülər. Axı, bu məşhur səyyah iki dəfə respublikamızda olmuşdur. O, Qobustandakı qaya rəsmləri arasında qayıq, gəmi şəkillərini görəndən sonra belə qərara gəlmişdir ki, azərbaycanlılar skandinaviyalılarla, o cümlədən onun öz milləti norveçlilərlə qədimdən qohumdurlar. Tur Heyerdalın fikrincə, balaca Azərbaycan nə vaxtsa Asiya və Avropa ilə dəniz ticarəti edib. Bu, sadəcə təsadüf deyil ki, azərbaycanlıların Xəzər dənizi və Volqa çayı ilə hərəkət edən gəmilərinin şəkilləri sonradan vikinqlərin Norveç ətrafında üzdükləri gəmilərə oxşayır. Norveçdə çox tanınan iki gəmi növü var ki, onlardan biri Qobustanda qaya üzərində təsvir olunmuş gəminin eynidir.
Tur Heyerdal Prezident Heydər Əliyevi “Kon-Tiki” muzeyi ilə yaxından tanış etdi və səyahətləri zamanı qarşılaşdığı çətinliklər, gözlənilməz hadisələr, maraqlı və elmi əhəmiyyətli tapıntılar, müxtəəlif millətlərin nümayəndələrindən ibarət heyət üzvləri haqqında geniş söhbət açdı. Alim-səyyah bildirdi ki, indi növbəti səyahətə hazırlaşır. O, sübuta yetirməyi qərara almışdır ki, Kanar adalarının yerli sakinləri - quançilər Amerika sahillərinə bu qitə Kolumb tərəfindən kəşf edilməzdən xeyli əvvəl, hətta Skandinaviya vikinqləri Atlantik okeanını üzüb keçdiyi vaxtdan əvvəl gəlmişlər. O əmindir ki, Kolumb Amerikanı 1492-ci ildə deyil, bundan on beş il əvvəl kəşf etmişdir.
“Kon-Tiki” ilə tanışlıqdan sonra dövlətimizin başçısı muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı.