İDMAN
Dünya yaş qrupları yarışlarında daha bir kateqoriyada finalçılar müəyyənləşib
Bakı, 5 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında daha bir kateqoriyada finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan kişi qrupların təsnifat yarışında 4 komanda növbəti mərhələyə yüksəlib. Martın 6-da təşkil olunacaq həlledici mərhələdə Rusiya, İsrail, Böyük Britaniya və Almaniya qrupları birincilik uğrunda yarışacaqlar.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edirlər.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.