DÜNYADA ATOM ENERJİSİNƏ MARAĞIN ARTMASI İLƏ ƏLAQƏDAR URANIN QİYMƏTİ QALXMIŞDIR
Qəzetin yazdığına görə, bu meyil cari maliyyə ilində də müşahidə olunacaqdır. Bəzi təhlilçilər əmindirlər ki, yaxın 6 ayda uranın 1 funtunun qiyməti 27 faiz bahalanaraq, 50 dollara çatacaqdır. Halbuki, 2004-cü ildə 14 dollar idi. Buna səbəb bazarda uranın az olmasıdır. Ötən il bu filizin qiyməti 76 faiz artmışdır.
Mütəxəssislərin fikrincə, atom elektrik stansiyalarındakı (AES) nüvə reaktorlarının istifadə etdiyi uranın 60 faizi cari hasilat hesabına əldə edilir. Əgər dünyada uran ehtiyatı olmasaydı və Rusiyada ləğv olunan nüvə başlıqlarındakı uran emal edilməsəydi, artıq indi AES-lərdə uran qıtlığı hiss olunardı.
Çində və Hindistanda AES-lərin istehsal etdiyi enerjiyə tələbat xüsusilə sürətlə artır. Belə ki, neft, qaz və daş kömür kimi enerjidaşıyıcılarının qiyməti durmadan qalxır. Fransa və ABŞ isə yeni AES-lərin tikintisinə başlamaq niyyətindədir.
Mütəxəssislərin fikrincə, 30 illik durğunluqdan sonra nüvə energetikası sahəsinə sərmayə qoyuluşu əsil yüksəliş dövrünü yaşayacaqdır. Hesablamalara görə, 2030-cu ilədək bu sərmayələrin ümumi məbləği 200 milyard dollara çatacaqdır.